среда, 23 апреля 2014 г.

                                               Kompyuter şəbəkələri

      Kompyuter şəbəkələri - rabitə xətləri və xüsusi proqram təminatı ilə bir-birilə əlaqəli komputerlər və perferiya avadanlıqları sistemindən ibarətdir. İnformasiyanın əldə olunması, ötürülməsi və istifadəçilərin mövcud informasiyadan birgə istifadəsini təmin etmək üçün kompyuter şəbəkələrinin olması vacib şərtdir.Məsafədən asılı olaraq, rabitə xətləri kimi kabeldən, telefon xətlərindən, radiorabitədən, peyk rabitəsindən və optik lifli xətlərdən istifadə olunur.
        Kompyuter şəbəkələrinin iki tipi var:
      1.Lokal
      2.Qlobal

           
                                                      
                             Lokal şəbəkə


      'Lokal kompyuter şəbəkələri LAN' (Local Area Network) — eyni mühitdə və çox böyük olmayan ərazidə (bir otaq, bir bina, bir müəssisə və s. daxilində) qurulan şəbəkədir. Bu şəbəkələrdə kompyuterlərarası məsafə adətən 1-2 km-dən çox olmur. Lokal kompyuter şəbəkələri müxtəlif topologiya (struktur) üzrə qurulur.      
                                                             
                                                               Şin topologiyası
                                                                                                                             
    Şin topologiyalı lokal şəbəkələr ən sadə struktura malikdirlər. Bu topologiyada bütün kompüterlər paralel olaraq şinə qoşulurlar. Şin, kompüterləri bir-birinə bağlayan kabel sistemidir. İnformasiya paketlər şəklində şinlə hər iki tərəfə ötürülür.
İnformasiya göndərmək istəyən kompüter (şəbəkə adapteri) şinin boş olub-olmamasını (yəni şinlə digər kompüterlərin informasiya göndərib-göndərməməsini) yoxlayır. Əgər şin boşdursa kompüter paketləri şinlə ötürür. Paket aşağıdakı hissələrdən ibarətdir:
  • informasiyanın ünvanlandığı kompüterin ünvanı;
  • informasiyanı göndərən kompüterin ünvanı;
  • göndərilən informasiya;
  • xidməti sahələr.           
                                                         
       Hər bir kompüter şinlə ötürülən paketlərin ünvan hissəsinə baxır və ona ünvanlanmış paketləri özündə qeyd edir. Əgər iki kompyuter eyni zamanda paketlərini şinə ötürərsə bu zaman şində toqquşma olur. Toqquşmaya səbəb olan kompyuterlər qısa bir müddət ərzində informasiya göndərmək hüququnu itirirlər.
Şin topologiyalı lokal şəbəkələrin əsas üstünlükləri aşağıdakılardır:
  • Hər hansı bir kompyuterin sıradan çıxması şəbəkənin işinə təsir etmir;
  • Şəbəkəyə yeni kompyuterlərin daxil edilməsi asandır;
  • Şəbəkə kartları (adapterləri) ucuzdur;
                                                      
       Şin topologiyalı lokal şəbəkələrdə şinin (kabel sisteminin) etibarlılığı yüksək olmalıdır. Şin topologiyalı lokal şəbəkələr IEEE 802.3 standartı əsasında qurulurlar. Şin topologiyalı lokal şəbəkələrə nümunə olaraq Ethernet10 BASE-2, 10 BASE-5 şəbəkələrini göstərmək olar. Burada 10 – şəbəkənin sürətini (Mbit/san) göstərir.                                                            



                                                         Halqavari topologiya

       Halqavari topologiyalı lokal şəbəkələrdə hər bir kompyuter(işçi stansiya) bir-biri ilə halqavari şəkildə, yəni birinci kompyuter ikinci ilə, ikinci kompyuter üçüncü ilə, üçüncü kompyuter dördüncü kompyuter ilə və s., sonuncu kompyuter isə birinci kompyuterlə birləşdirilir. Nəticədə halqavari topologiya əldə edilir. Bu topologiyalı şəbəkədə məlumatlar müəyyən bir istiqamətdə (məsələn, saat əqrəbi istiqamətində) bir kompyuterdən qonşu kompyuterə ötürülmək şərti ilə lazımi ünvana (kompyuterə) çatdırılır. Bu tip şəbəkələrdə əsasən marker prinsipindən istifadə edilir. Markeri əldə edən kompyuter məlumat göndərmək hüququna malik olur. Markeri əldə etmiş kompyuterin, digər kompyuterlərə göndərəcəyi məlumatı var isə, bu məlumatları markerə yerləşdirərək onu paket şəklinə çevirir, məlumatın gedəcəyi ünvanı və digər lazımi informasiyaları paketə qeyd edərək, qonşu kompyuterə göndərir. Paketi almış kompyuter, onun ünvan hissəsinə baxır və əgər paket ona ünvanlandırılmışsa, paketi özünə qeyd edir, əks halda paketi özündən sonrakı kompyuterə göndərir. Paket halqa ilə tam bir yol keçdikdən sonra paketi göndərmiş kompyuter onu halqadan çıxardır və yeni paketi (əgər göndərməyə məlumatı varsa) göndərir. Əgər göndərməyə informasiya yoxsa markeri bir sonrakı kompyuter göndərir. Bu tip şəbəkələrdə kompyuterlərdən biri həm də monitorinq funksiyasını həyata keçirir (şəbəkə işə qoşularkən markerin generasiya edilməsi, itən markerin bərpası və s.).

Halqavari topologiyalı lokal şəbəkələrin əsas üstünlükləri aşağıdakılardır:
  • Hər bir kompyuter yalnız qonşu kompyuterlə birbaşa bağlıdır;
  • Hər bir kompyuterin məlumat göndərə bilməsi üçün ona müəyyən vaxt verilir.
Halqavari topologiyalı lokal şəbəkələrin əsas çatışmayan cəhətləri aşağıdakılardır:
  • Hər bir kompyuter informasiyanın ötürülməsində iştirak edir. Buna görə də hər hansı bir kompyuterin adapterinin sıradan çıxması şəbəkənin işini pozur;
  • Şəbəkə adapteri daima işçi vəziyyətdə olmalıdır;